Kif
Kif göbələkləri — ərzaq məhsulları, meyvə, bitki qalıqları, dəri və sairə üzərində xarakterik ərp (kif) əmələ gətirən göbələklər. Müxtəlif sistematik qruplara - fikomiset, askomiset və natamam göbələklərə aiddir.
== Ümumi ==
Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər "aflatoksin" deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur.
Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.